Wednesday, 20 June 2012

Nöqtə qədər dəyər

Sürətlə gedən bir avtomobilin şüşəsindən çölə baxırsan. Hər şey gözlərinin qarşısından axıb keçir. Göz bəbəklərin gördüklərini izləməyə çalışmaqdan yorulub. Yolun iki yanında meyvə bağları var. Tək-tük evlər… Uzaqlara baxdıqca solğun rəngli təpələri, dağları görürsən.

Dağların üzərində də xal xal nöqtələri. Başını şüşəyə söyküyüb eləcə baxırsan. Yolun kənarında gedən yaşlı adam sənin oradan keçdiyini bilmir. Həm bilsə nə olacaq ki? Zaman zaman xəyallar qurursan. Elə bu dəqiqə, bu an, bu avtobusda, bu dərsdə, bu şəhərdə… Başqalarının sənin ən yaxşı, ən ağıllı, ən gözəl adam olduğunu düşünsünlər istəyirsən. "Əgər bilsəydilər" deyirsən…
Amma sonra o acı həqiqət üzünə buz kimi çırpılır. Sən, bir başqası üçün axıb keçən təsvirlər içində ən adi birisən. Uzaq dağlardakı naməlum xallardan, - ağac, kol yoxsa gizli və sirli bir xəzinənin qapısı olduğunun nə fərqi var,-  sənin də bir fərqin yoxdu. Fərqinə varılmağına layiq olacaq qədər nə etdiyini düşünürsən? Bir şey etməyinmi edə bilməməyinmi yaxud da sənin mütləq varlığındır səni bənzərsiz edən? Başqası üçün "bir başqası" olmağınla razılaşa bilərsən?