Thursday, 23 February 2012

Ən yaxşı məktəb direktoru

Heç də uzaq olmayan keçmişdə, hardasa 13 il bundan əvvəldən 6 il bundan əvvələ qədər ilin 9 ayı baş çəkməkdən bezmədiyim bir məktəbə gedirdim. Orda oxuduğum 8 ildə 3 direktor dəyişdi...

məktəb yaşım çatana kimi məktəbi belə təsəvvür edirdim :)

Birinci Sərdar müəllim idi. Məktəbin təməli qoyulandan ora rəhbərlik edirdi. Qeyri-rəsmi mənbələrin məlumatına görə Sərdar müəllim Etibar Məmmədovun qohumu idi. Deməli bu illər məktəbin əsas çiçəklənmə dövrü idi. Hamı xoşbəxt idi - müəllimindən tutmuş süpürgəçisinə kimi. Hətta qapıda duran balacaboy Böyükxanım xala belə...

4 ildən sonra məlum oldu ki bəs məktəbə yeni direktor gəlir və bu  xanım YAP üzvüdür, məktəbidə ona "əri" hədiyyə eliyib. Hədiyyə edib ki, ordan yığdığı  "fond pulu" hesabına məktəbdən heç də uzaqda olmayan bir yerdə özünə xudmani (3 mərtəbəli) bir daxma tiksin. Bu insan gələn gündən məktəbin bütün qaydaları kökündən dəyişdi. Birdən birə qapıların hamısı bağlandı, 1ci mərtəbələrin pəncərələrinə bəzəkli - bəzəkli dəmir reşotkalar vuruldu. Elə 1ci mərtəbə gözəlcə təmir olundu. Məktəbin adını daşıdığı İlqar Məmmədovun büstü bu mərtəbəyə layiq görülmədi və məktəbin arxa həyətinə köçməli oldu. Məktəbin sağ tərəfində olan köməkçi tikiliyə isə (səhv etmirəmsə qazanxana idi) lazımsız damğası vuruldu və naməlum adamlara satıldı. Elə bu illərdə qapıda duran balacaboy Böyükxanım xalanın əlində nar çubuğu peyda oldu. Çubuq zərbəsinin ən çox dadına baxanlar qışda soyuqda dura bilmiyib dərsdən qaçmaq istiyənlər olurdu.... İnsafla deyə bilərəmki, bu illərdə mənə bir xeyri dəyməsədə birinci siniflərə gələnlərə ilk gündə 2, 20 vərəq dəftər və qələm verirdilər. Çox hörmətli, şubası ilə bütün kolidoru süpürən Məlahət xanım ehtiyacı olanlara hətta pulsuz "ət", ərzaqla kömək edəcəyini də demişdi.

2ildən sonra məktəbdə ildırım sürəti ilə bir xəbər yayıldıki bəs direktor dəyişir... Əksər müəllimlər və direktor müavini olan, 8ci riyaziyyat müəllimim belə bunu inkar etsədə ilin sonunda xəbərin doğru olduğu təstiqləndi. Yeni direktorumuz bizə təqdim olundu... Hüdür, kişi ədalı, kobud bir qadın. Gəlişi heç nəyi dəyişmədi. Daha doğrusu yeni direktorun varlığı ilə yoxluğu arasında bir fərq olmadı. 2 ildən sonra o məktəbdən çıxdım. 

Artıq 3 ildir ki, qardaşım həmin məktəbə gedir. Mən məktəbdən çıxandan orda heç bir təmir aparılmıyıb. Bir neçə dəfə məktəbin 2ci mərtəbəsinə qalxmalı olmuşam. Mənzərə qorxuncdu. İmkanlı qonaqları üçün Məlahətin hazırlatdığı 1ci mərtəbə nisbətən yaxşı qalsada digər yerlər xüsusən idman zalı xarabalığa oxşuyur. Bircə söhbət edən bayquşlar çatmır. Yerə döşənmiş taxtalar illərlə su ilə yuyulmaqdan çürüyüb. Heydər Əliyev fondunun hesabına tikilən korpusun bütün divarları çatlıyıb... Hərçənd ki, bu çatlama prosesi o korpus tikiləndən bir neçə həftə sonra başlamışdı. Qapıda duran balacaboy Böyükxanım xalanın nar çubuğu qalsada, o ancaq əsas qapıda durub forma geyinməyənləri geri qaytarmaqla məşğuldur. 

Bu illər ərzində dəyişməyən yeganə şey Böyükxanım xalanın boyu oldu... 

İndiyə qədər gördüyüm ən yaxşı direktor isə TT-dir!!!