Wednesday, 16 May 2012

Wall Street`dən olan pinti ifritə




     Henrietta Green (Hetty Green) dünyanın ən varlı qadını (1916) və dəhşətli dərəcədə pinti olması ilə məşhurlaşmışdır. Hətta pintiliyinə görə Ginnesin rekordlar kitabına düşmüşdür. Wall Street`də kifayət qədər təsiretmə gücünə sahib olan ilk amerikalı qadın olmuşdur.

  Hetty Green 1835-ci ildə anadan olub. Valideynlərinin iri şirkət sahibləri olması və işə daha çox vaxt sərf etmələri səbəbilə babasının yanında böyüyüb. 6 yaşından başlayaraq maliyyə qəzetləri oxumuş və artıq 13 yaşında ailə şirkətində mühasib kimi çalışırmış. Ailəsindən ona təqribən 7.5 mln. dollar miras qalmışdır.
   Hetty Green`in pintiliyi haqqında bir çox hekayətlər vardır. Belə ki, deyilənlərə görə o, heç vaxt qızdırıcını yandırmır və isti sudan istifadə etmirmiş. Yeganə köhnə, qara donununu geyinər, alt paltarını isə yalnız tamamilə  sıradan çıxanda dəyişirmiş. Əllərini yumur, ən ucuz restoranlarda nahar edir və daha çox 15 sentə olan piroqları seçərmiş. Hətta, o bir dəfə  bütün günü  itirdiyi 2 sentlik markanı axtarmağa sərf edibmiş. O, pula və sabuna qənaət etmək üçün paltarları yumdurtmağa verəndə onların yalnız ən çirkli hissələri yumağı tapşırarmış. Daha ucuz olduğuna görə qırıq peçenyeləri və öz sevimli iti Devi üçün pulsuz sümük almağa yerli dükana gedərmiş.  Bir çoxları deyirdi ki, o yalnız ofisdə qızdırıcının üstündə hazırladığı yulaf yarması yeyirmiş. Ən dəhşətli hadisə isə onun oğlu Nedin ayağının sınması olmuşdur. Belə ki, Hetty həkimə pul verməmək üçün yoxsullar üçün olan xəstəxanaya müraciət etmiş və nəticədə uşağın ayağını amputasiya etmək məcburiyyətində qalmışlar və o, protez ayaq sahibinə çevrilmişdir.

  Biznes həyatında olan qəddar mübarizliyinə, bəlkədə daima süzülmüş, formasını itirmiş, köhnə paltarlar geydiyinə görə ona “Wall Street`dən olan ifritə” adını vermişlər. Bu qadın dəhşətli biri olmasına baxmayaraq, kifayət qədər işgüzar biri olub, daşınmaz əmlak, ivestisiya qoyuluşu ilə məşğul idi.  Hətta 1907-ci il iqtisadi böhranı zamanı Nyu-York şəhər idarəsi ona kredit üçün müraciət etmişdir.  Hər dollarına görə narahat olan Hetty ailə həyatı qurduğu multimillioner Edvard Green`i özünün mülkiyyəti və sahib olduğu pulu üzərində olan bütün hüquqlardan imtina etməyə məcbur etmişdir.  

   Hetty 80 yaşında ürək tutmasından ölmüşdür. Ölümündən sonra onun sərvəti 100—200 mln. dollar həcmində qiymətləndirilmişdir.