Saturday, 31 December 2011

Xalid Xoseyni "Çərpələng Uçuran" ( "The kite runner")



Tanınmış əfqan yazıçısı Xalid Xosseyninin "Çərpələng uçuran" romanının indiyədək 8 milyondan çox oxucusu var. Əsəri azərbaycan dilinə Xədicə İsmayıl tərcümə edib.
"Çərpələng ovçusu"  Xalid Xosseyninin ilk romanıdır. 2004-cü ildə Amerikada çap olunan bu əsər qısa zamanda rekord sayda oxucu taparaq, müasir dünya ədəbiyyatının ən gözəl nümunələrindən birinə çevrilib.

Əsərin əsas qəhrəmanı Əmir və Həsəndir. Bu iki yeniyetmə bir şəhərdə, Kabildə doğulub-böyümüş süd qardaşlarıdır. Eyni evdə böyüyüb bir ananın südünü paylaşmalarına rəğmən, Əmir və Həsənin uşaq dünyalarında dərin bir uçurum var. Bu uçurum ilk növbədə Əmirin zəngin bir ailənin oğlu, Həsənin isə onların xidmətçisinin övladı olması ilə başlayır. Əmirlə Həsənin arasında növbəti uçurum onların fərqli kastalardan olmasıdır. Əmir Əfqanıstanda sayılan, həmişə yüksək tutulan puştun qəbiləsindəndir. Həsən isə mişə təhqir və məhrumiyyətlərə düçar olan Xəzər qəbiləsinin nümayəndəsidir. Bu etnik ayrıseçkilik Xalid Xosseynini düşündürən, əfqanların məhvinə səbəb olan bəladır. Yazıçı ürək ağrısı ilə bu etnik ayrılmanın əfqan xalqının başına gətirdiyi faciələri təsvir edir. Romanın ikinci əsas qəhrəmanı Həsən, əfqanların düşüncəsinə görə, aşağı səviyyəli bir qəbiləyə, xəzər qəbiləsinə mənsub olsa da, cəsur, sədaqətli və etibarlıdır. Həsən Əmirdən fərqli olaraq, məktəbə getmir. Atası Əli ilə birlikdə Əmirə və onun atası Babaya xidmət edir. Əmir yataqdan qalxmamış onun yeməyini hazırlayır, paltarlarını ütüləyir, hətta çörəyinin üstünə mürəbbə sürtüb yeməyə səsləyir. Əmir məktəbdə olduğu zaman atası ilə bərabər digər ev işləriylə məşğul olur. Həsən də Əmir kimi anasız böyüyür. Onun anası, yazıçının təsvir etdiyi kimi gözəl olsa da, pozğun qadındır. Həsən anası haqqında heç zaman danışmaz. Yazıçı bunun səbəbini özgə torpağına soxulmuş, işğalçı rus əsgərləri Həsəni təhqir edəndə xüsusi vurğulayır. Əsərin hələ ilk fəsillərində rus ordusunun Əfqanıstana gəlişi belə təsvir olunur: "Bizim yaşam tərzimiz hələ sona yetməmişdi. Sonu, yəni rəsmi sonu - əvvəlcə 1978-ci ilin aprelində kommunistlərin zərbəsi, sonra da 1979-cu ilin yanvarında rus tankları Həsənlə oynadığımız küçələrə girəndə tanıdığım Əfqanıstanın öldürüldüyü və hələ də davam edən qanlı bir dövrün başladığı gün gəldi". Müəllif bizi əsərin ilk fəsillərində puştun qəbiləsinə mənsub olan Asəflə tanış edir. Asəf məhəllənin ən davakar, həm də qorxulu uşaqlarındandır. O, məhəllədə bütün uşaqları təsir altına almağı bacarır. Müəllif onu oxuculara beyni zəhərlənmiş, psixoloji cəhətdən anormal, millətin gələcəyi üçün qorxulu bir ruhi xəstə kimi təqdim edir. O hələ uşaqkən yadellilərin əkdiyi millətçilik toxumu ilə zəhərlənib.
Yazıçı əsər boyu müsəlman dünyası üçün ən ağrılı problem olan sünni-şiə məsələsinə də toxunur. Təkcə əfqanların deyil, dünya müsəlmanlarının əzilməsinin başlıca səbəbi kimi sünni-şiə ayrıseçkiliyini göstərir. Puştunlar sünni məzhəbindən olduğu və çoxluq təşkil etdikləri üçün daima şiə xəzərləri sıxışdırırlar. Bu yersiz düşmənçilik və fanatizm Əfqanıstanı parçalamaq istəyən qüvvələr üçün çox gözəl fürsət idi. Əsərdə Xəzər övladı Həsənlə qatı puştun olan Asəfin ikinci dəfə qarşılaşması Həsənin Əmirin çərpələngini axtardığı günə təsadüf edir. Həsən Əmirin çərpələngini axtara-axtara şəhərdən kənara çıxır, çərpələngi tapır. Tapdığı anda onun qarşısını Asəf kəsir. Asəf dəstəsi ilə Həsənin başının üstünü alır və əvvəlki görüşlərini xatırladır. Həsəni axtaran Əmir də onların qarşılaşmasının şahididir, amma özünün burada olduğunu sezdirmir və kənardan onları izləyir. Asəf Həsəndən tələb edir ki, Əmirin çərpələngini ona versin. Sədaqətli xəzər oğlu bunu qəbul etmir. Əvəzində isə Asəf və onun dəstəsi tərəfindən zora məruz qalır. Bu ürəkağrıdıcı səhnəni kənardan izləyən, qorxusundan səsini belə çıxarmayan Əmir sonralar bunu heç cür özünə bağışlaya bilmir. Halbuki onun həmin an yalnız özünü göstərməsi belə, böyük bir faciənin qarısını almış olardı. Hər şeyə rəğmən sədaqətli xidmətçi çərpələngi sahibinə yetişdirir. Əmir qalib kimi atasının yanına dönür. Lakin onun bu qabiliyyəti atası ilə münasibətlərini yaxşılaşdırsa da, Həsən ilə aralarında olan uçurumu daha da dərinləşdirir. Hər dəfə Həsəni görəndə vicdan əzabı çəkən Əmir buna dözə bilmir. Əmir Həsəndən qurtulmaq üçün yollar arayır. Onun tapdığı yol növbəti faciənin başlanğıcı olur.
"Ertəsi gün Əli mətbəxdəki yemək süfrəsini yığışdırana qədər otağımda dayanıb bulaşıq qabların yuyulub silinməsini gözlədim. Yataq otağımın pəncərəsindən çölə baxdım. Əliylə Həsənin boş təkərli alış-veriş arabasını sürərək bazara getməyini izlədim. Sonra hədiyyə topasının içindəki zərflərdən pul və qol saatını alıb çölə çıxdım. Babanın iş otağının qapısında durub içəriyə qulaq asdım. Səhər tezdən içəridəydi, telefonla danışırdı. Aşağı mərtəbəyə endim, bağçaya keçdim. Yenidünya ağacının yanındakı Əli ilə Həsənin yaşadığı daxmaya girdim. Həsənin döşəyini qaldırıb saatı və pulları döşəyin altına soxdum. Çölə çıxıb yarım saata qədər gözləyib atamın qapısını döydüm və rəzil yalanlar seriyasının sonuncusu olduğunu düşündüyüm yalanı söylədim". Atasına Həsənin onun pulunu və qol saatını oğurladığını söyləyən Əmir bununla Həsəni qovduracağını, hər onu görəndə vicdan əzabı çəkməkdən qurtulacağını sanmışdı. Əslində Baba, Həsənin atası Əli ilə böyümüşdü. Əli, Babanın xəzər xidmətçisi idi. Baba 40 il idi ki, Əli ilə birlikdə idi. Baba həm Əlini, həm də onun oğlu Həsəni çox sevirdi. Bir sözlə, Baba həm xidmətçisi Əliyə, həm də Həsənə inanırdı. Həsənin Babanın otağına gəlib bunu etmədiyini deməsi bəs idi ki, Baba ona və atasına inansın, hər şeyi başa düşüb öz oğlu Əmiri cəzalandırsın. Həsən isə heç kəsin etməyəcəyi bir fədakarlıq göstərir. Babanın qarşısına keçib saatı və pulu oğurladığını boynuna alır və bununla da Əmiri son dəfə xilas edir.
Çox keçmir ki, artıq 18 yaşına çatmış Əmir və atası ölkəni tərk etmək məcburiyyətində qalır. Onlar əvvəlcə qonşu Pakistana, sonra da Amerikaya gedirlər.
Romanın sonunda Əmiri atasını itirmiş, əvəzində Amerikada yetişmiş savadlı bir ailə başçısı kimi görürük. Lakin o, xoşbəxt deyil. Uşaqkən etdiyi səhvin əzabını çəkir. Onun qəlbini ovunduracaq yeganə təsəllisi ailəsi və bir də hələ uşaqkən atasının sərt baxışlarıyla üzləşdiyi zaman başını sığallayan Rəhim xandır. Pakistanda yaşayanhim xan onu yanına çağırır. Rəhim xan qocalıb və illərdir qəlbində gəzdirdiyi son sirrini Əmirə vermək istəyir. Əmir ləngimədən Pakistana yola düşür. Rəhim xanı qocalmış, zəifləmiş və ölüm yatağında tapır. Onların görüşü əsərin kuliminasiya nöqtəsidir. him xan son borcundan çıxır. Sonsuz bir kədərlə Rəhim xanı dinləyən Əmir eşitdiyi xəbərdən sarsılır. Rəhim xan ona deyir ki, Həsən, Babanın yəni onun atasının oğludur. Əmirin həm süd qardaşı, həm də atabir qardaşıdır. Bu xəbəri eşidən Əmirin vaxtilə buraxdığı səhv onu daha çox yandırır. Bu azmış kimi Rəhim xan Həsənin talibanlar tərəfindən həyat yoldaşı ilə birlikdə öldürüldüyünü, oğlu Söhrabın yetimxanaların birinə verildiyini söyləyir və sonda Əmirdən xahiş edir ki, Söhrabı Əfqanıstandan çıxartsın.
Əmir talibanların əlində inləyən doğma yurduna dönür, Söhrabın ardınca yetimxanaya gəlir. Yetimxanaya gəlişi Əmiri yenə keçmiş günlərinə qaytarır. Bir zamanlar onun atası da yetimlər üçün bir uşaq evi tikdirmişdi. Özü də bütün xərclərini təkbaşına çəkmişdi. Həmin uşaq evinin açılışında Əmir də var idi. Atasının arxasında dayanıb bu nəcib əməlin sevincini yaşayırdı. İndi isə Əmir sayı mini keçmiş, yurdsuz-yuvasız, şikəst əfqan uşaqları ilə dolu, heç bir şəraiti, hətta yeməyə çörəkləri belə olmayan yetimxanada idi. Əmir yetimxananın müdirinə Söhrabın şəklini göstərib onun əmisi olduğunu deyir. Müdir əvvəlcə danışmaq istəməsə də, sonda Əmirin yaxşı insana bənzədiyini görüb, Söhrabın burada olmadığını, talibanlar tərəfindən aparıldığını söyləyir. Ona məsləhət görür ki, stadiona getsin, oradakı gözlüklü talibanla görüşsün. Əmir qısa zamanda gözlüklü adamla görüşməyə razılıq alır. Görüşdüyü ana qədər o, gözlüklünün kim olduğunu bilmirdi. Ondan fərqli olaraq, gözlüklü adam - Asəf dərhal Əmiri tanımışdı. Elə buna görə də onların görüşü belə tez baş tutmuşdu. Asəf yeniyetməykən zora məruz qoyduğu Həsəni ilk fürsətdə arvadı ilə bərabər öldürmüş, oğlu Söhrabı isə yetimxanadan alaraq, yerə-göyə sığmayan vəhşiliklə cinsi istismara məruz qoymuşdu. Asəf niyə belə iyrənc yolu tutmuşdu? Nə üçün xalqına belə zülm edirdi? Bunlar hər bir oxucunun verə biləcəyi suallardır. Yazıçı əsərin irəlidəki fəsillərində bu sualları tam aydınlığı ilə cavablandırır. Məlum olur ki, Asəf zamanında rusların müdafiə etdiyi xəzərlərə qarşı vuruşub. Ruslar tərəfindən əsir alınıb. İndi uşaqlıqdan xəzərlərə olan nifrəti daha da alovlanıb. Yazıçı etiraf edir ki, əfqan xalqının ən birinci dərdi etnik ayrı-seçkilikdir. Onların bu vəziyyətə düşməsinə daha çox sovetlər səbəb olub. Xəzərlərin əzilən qəbilə olduğunu yaxşı bilən Sovet imperiyası Əfqanıstana soxulduğu 1978-ci ildən bəri onlara silah verib. Öz məqsədinə çatmaq üçün xəzərləri onlara uzun zaman zülm edən puştunlara qarşı qaldırıb. Bir müddət əlində silah tutub puştunlara qarşı vuruşan xəzərləri, onsuz da onları sevməyən puştunlar qətiyyən bağışlamır. Sonunda Əfqanıstan bu gün də qurumayan qan gölündə boğulur.
Əmir həyatı bahasına olsa belə, Söhrabı Asəfdən almaqda qərarlı idi. Sonda o, taliban yaraqlısından həm özünü, həm Söhrabı xilas edib, özü ilə bərar Amerikaya aparır. Yazıçıya görə, Söhrabın yaşadığı, çəkdiyi acılar tək onun deyil, bütün əfqan xalqının əzablarıdır.
k bir həqiqət var ki, ədəbiyyat millətin mədəniyyəti, onun mənəvi dəyərlərini ifadə edən, yaşadan bir sənətdir. Əfqanıstandan minlərcə kilometr kənarda yaşayan insanlar yazıçının "Çərpələng ovçusu" romanını oxumaqla orada baş verənləri, əfqan xalqının ağrı-acılarını, milli-mənəvi dəyərlərini anlamaq imkanı qazanır. Müəllifin gündəliyi əsasında yazılan, Əmirin dilindən anladılan "Çərpələng ovçusu" zəngin bir mədəniyyətə və gözəlliklərə sahib torpaqların cəhənnəmə çevrilməsini aydın şəkildə göz önünə gətirir. 

Əsərin motivləri əsasında Mark Fosterin rejisssorluğu ilə eyniadlı film çəkilmişdir.
 




No comments:

Post a Comment